Топ-100
Back

ⓘ Əbdülhüseyn Babayev. Əbdülhüseyn Kərbəlayı Mikayıl oğlu Babayev - Azərbaycan xarratı, şəbəkə ustası, Azərbaycan SSR əməkdar incəsənət xadimi. ..




                                     

ⓘ Əbdülhüseyn Babayev

Əbdülhüseyn Kərbəlayı Mikayıl oğlu Babayev - Azərbaycan xarratı, şəbəkə ustası, Azərbaycan SSR əməkdar incəsənət xadimi.

                                     

1. Həyat və yaradıcılığı

Əbdülhüseyn Babayev 1877-ci ildə Bakıda anadan olmuşdur. O, oxuduğu mollaxananı tərk edərək arababənd atası Kərbəlayı Mikayılın yanında 10 il usta şagirdi işlədikdən sonra qapı-pəncərə və xonça-bağdatı düzəltməyi, şüşəbənd bağlamağı öyrənmişdir. Sonralar on ilə yaxın müddət ərzində o, "Qafqaz və Merkuri" gəmiçilik şirkətində işləmiş, burada yüzlərlə gəmi təkəri bağlamışdır.

Gənc yaşlarında rəhil kəsməyi öyrənən usta Əbdülhüseyn ən sadə quruluşlu bir qüllə rəhildən mürəkkəb quruluşlu altı və səkkiz qüllə rəhilə qədər kəsməyi bacarırdı. O, mıxsız və yapışqansız düzəltdiyi rəhillərdə yenilik yaratmağa çalışır, bəzən iki rəhili bir-birinin içində kəsir, bəzən səkkiz və daha çox hissədən ibarət bir neçə formaya salına bilən rəhil düzəldirdi. Onun hazırladığı rəhillər Azərbaycan muzeylərində nümayiş etdirilir.

Əbdülhüseyn Babayevin yaradıcılığında "Cəfəri", "Xab-bidar", "Səkkiz qüllə", "On altı qüllə" adlı mürəkkəb şəbəkələr mühüm yer tutmuşdur. O, Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Tarixi Muzeyi, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Moskva, 1939 Azərbaycan SSR pavilyonu üçün şəbəkə kompozisiyaları hazırlamışdır.Usta Əbdülhüseyn şəbəkə ornamentlərini əzbərdən çəkir, düzəltdiyi arakəsmələrdə, qapı və pəncərə şəbəkələrində, habelə mebel bəzəklərində müxtəlif naxışlar tətbiq edir, çox zaman eyni bir şəbəkə kompozisiyasına cürbəcür ornament ünsürləri daxil edirdi. Əbdülhüseyn Babayev bir neçə il Azərbaycan Dövlət Rəssamlıq Məktəbində şəbəkə emalatxanasına rəhbərlik etmişdir. Onun şagirdlərindən Ağasəf Cəfərov, Mirzəağa Qafarov, Amil Salamov bu sənəti öyrənmiş və müxtəlif şəbəkə kompozisiyaları yaratmışlar.

Əbdülhüseyn Babayev müharibə illərindəki fəaliyyətinə görə "Qafqazın müdafiəsinə görə", "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif edilmiş və ona xalq tətbiqi incəsənəti sahəsindəki xidmətlərinə görə 5 yanvar 1957-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.

Əbdülhüseyn Babayev 1961-ci ildə Bakıda vəfat etmişdir.

                                     

2. Ədəbiyyat

  • Azərbaycan Milli Ensiklopediyası 25 cilddə. 2-ci cild: Argentina – Babilik 25 000 nüs. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. 604 səh. ISBN 978-9952-441-05-5.
  • Нәҹәфов, М. 8 январ 1957. Маһир шәбәкә устасы ". № 6 10342. Коммунист.
  • Ә. М. Бабаевә Азәрбайҹан ССР әмәкдар инҹәсәнәт хадими фәхри ады верилмәси һаггында Азәрбайҹан ССР Али Совети Рәясәт Һейәтинин Фәрманы ". № 5 10341. Коммунист. 6 январ 1957.