Топ-100
Back

ⓘ Məmmədqulu Şuşinski və ya Dabbax Məmmədqulu - XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. ..




Məmmədqulu Şuşinski
                                     

ⓘ Məmmədqulu Şuşinski

Məmmədqulu Şuşinski və ya Dabbax Məmmədqulu - XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi.

                                     

1. Həyat və yaradıcılığı

Məmmədqulu 1874-cü ildə Şuşa şəhərində yerləşən "Ayaqyalın qurdlar" Kiçik qurdlar məhəlləsində dabbaq ailəsində doğulmuşdur. O, ailəsi kimi dabbaqlıqla məşğul olduğu üçün "Dabbax Məmmədqulu" ləqəbi ilə çağırılmışdır. İlk təhsilini Şuşada Kor Xəlifənin hücrəsində alan Məmmədqulu tarzən Şüşülü Qrikorun dəstəsinə qoşulmuşdur. Atası tərəfindən Mir Möhsün Nəvvabın məktəbinə göndərilən Məmmədqulu burada üç il muğam dərsləri keçmiş, 19 yaşında olarkən Qarabağın musiqi məclislərində xanəndəlik etməyə başlamışdır. 20 yaşında olarkən o, tarzən Qrikor, qarmonçu İsi bəylə məclislərdə iştirak etmiş, "Qarabağ şikəstəsi"ni özünəməxsus şəkildə oxumuşdur.

Məmmədqulunun xanəndəliyik sənətinin formalaşmasında XIX əsr müğənnisi Şahsənəm oğlu Dəli İsmayılın və tarzən Şüşülü Qrikorun köməyi olmuşdur. Dəli İsmayıl onun zil səsini, zəngulələrini nəzərə almış, ona ilk öncə major ruhlu muğamları, ələlxüsus "Hasar", "Müxalif", "Kürdü-Şahnaz", "Heyratı" kimi uzun nəfəs, davamlı zəngulə tələb edən muğamları öyrətmişdi. Malıbəyli Həmid də Məmmədqulunun ifaçılıq istiqamətinin müəyyənləşməsində rol oynamışdır. Onların dostluq əlaqələri nəticəsində Məmmədqulu Gəncə, Şirvan və Tiflis məclislərində tanınmağa başlamışdır.

Tiflis məclislərinin birində Məmmədqulu ilə yaxından tanış olan Bülbülcan bir neçə il ərzində Tiflisdə dəvət olunduğu məclislərə onu özü ilə aparmışdır. Məmmədqulu 1905-ci ildən sonra Şuşaya qayıtmış və yenidən Şuşa məclislərində iştirak etməyə davam etmişdir. O, tarzən Tatevos Arutunovla ifa etmiş, bir neçə dəfə İran məclislərinə dəvət olunmuşdur.

1913-cü ildə Şəkili Ələsgər, Keçəçioğlu Məhəmməd, İslam Abdullayev və Seyid Şuşinski ilə birgə "Ekstrafon" aksioner şirkəti tərəfindən Kiyev şəhərinə dəvət olunan Məmmədqulu tarzən Arsen Yaramışev və kamançaçalan Moses Quliyansın müşayiəti ilə "Bayatı-Kürd", "Zabul-Segah", "Kürdü-Şahnaz", "Qatar", "Hasar", "Müxalif", "Qarabağ şikəstəsi", "Heyratı" muğamlarını, "Axşam oldu" təsnifini qrammafon vallarına yazdırmışdır.

Xanəndə Məmmədqulu Şuşinski 1929-cu ilin martında 55 yaşında Şuşada vəfat etmişdir.