Топ-100
Back

ⓘ Mirabbas Mirbağırzadə. M.Mirbağırzadə İrəvanda doğulub. İrəvan gimnaziyasını bitirib. Alverlə məşğul olan M.Mirbağırzadə daha çox kitab ticarətinə üstünlük veri ..




                                     

ⓘ Mirabbas Mirbağırzadə

M.Mirbağırzadə İrəvanda doğulub. İrəvan gimnaziyasını bitirib. Alverlə məşğul olan M.Mirbağırzadə daha çox kitab ticarətinə üstünlük verib. İrəvanda "Umud" kitab mağazası açıb.

                                     

1. Fəaliyyəti

Mirabbas Mirbağırzadə 1909-da Bakıya gəlib və burada da yeni kitab mağazası açıb. 19 iyun 1905-də "Həyat" qəzetindəki ilk yazısından sonra 1905-1929-uncu illər arasında elmi yazılarından başqa 200-ə yaxın publisist məqaləsi, xəbəri, bədii tərcüməsi işıq üzü görüb. İlk çağlar "Həyat" və "İrşad" qəzetiylə sıx əlaqələr quran M.Mirbağırzadə sonralar "Təzə Həyat", "Tərəqqi", "Yeni İrşad", "İqbal", "Sədayi-həqq"… qəzetləriylə də yaxından əməkdaşlıqda bulunub. Ən çox işlətdiyi gizli imzası "Nadi"dir.

Onun jurnalistlik fəaliyyəti sonrakı illərdə də dayanmayıb. Azərbaycan Cümhuriyyəti dönəmində "Azərbaycan", sovet hakimiyyəti çağında "Kommunist" eləcə də bu qəzetin əlavəsi olan "Əmələ darülfünunu", "Yeni yol" qəzetlərində, "Xalq maarifi", "Füqəra füyuzatı", "Maarif və mədəniyyət", "Azərbaycan Ali İqtisad Şurasının əxbarı", "Xalq müəllimi", "Qızıl qələm", "Əkinçi", "Maarif işçisi", "İqtisadi xəbərlər" jurnallarında xeyli məqaləsi dərc edilib. Qələmini artıq mətbuatda uğurla sınamış Mirabbas Mirbağırzadə kitab yazmağa da ciddi həvəs göstərib və 1913-14-cü illərdə 6-sı orijinal, 1-i tərcümə olmaqla 7 kitabını nəşr etdirib. Onların çoxu tarixə həsr edilib: "Osmanlı tarixinin mühüm səhifələri" Bakı, 1913, "Osmanlı hökumətinin qüdrətli günləri" 1913, "Tarix səhifələri. I. İslam pulları. II. Misir ölkəsi və tarixi" 1914, "Cənab Yusif və macərayi-məşhuru" 1914, "Osmanlı marşları, Vətən və millət nəğmələri" 1914 və b. M.Mirbağırzadə İrəvanda teatrın özülünü qoyanlardan biridir.

                                     

2. AXC dövründə fəaliyyəti

Azərbaycan Cümhuriyyəti 1918-1920 çağında bitərəf M."Mirbağırzadə missiyası"na başçılıq edib. İrəvan həmyerlilər cəmiyyətinin qərarıyla və Azərbaycan hökumətinin razılığıyla M.Mirbağırzadə yerlərdəki vəziyyətlə tanış olmaq və müəyyən tövsiyələr hazırlamaq məqsədilə 24.1.1919-cu ildə təcili Naxçıvana göndərilib. Öncə Gəncəyə gələn Mirabbas Hərbi Nazirlik tərəfindən ona qoşulan 12 nəfər Azərbaycan zabitiylə birgə Güney Azərbaycandan keçməklə fevralın 19-da Naxçıvana çatıb. Buradakı ingilis general-qubernatoru bildirib ki, Naxçıvan ərazisində ingilis qubernatorluğu mövcuddur və bu ərazi Azərbaycanın tərkib hissəsi deyil, kimə məxsus olacağı da hələ bilinmir, ona görə də Azərbaycan hökumətinin buraya adamlar göndərmək hüququ yoxdur. M.Mirbağırzadəsə inadlı danışıqlar və olduqca həssas diplomatik davranışlar sayəsində nəinki ingilis generalının tam rəğbətini qazanıb, hətta Naxçıvanı erməni qırğınlarından qorumaq üçün Azərbaycan zabitlərinin fəaliyyətinə imkan yaradıb və Naxçıvanın könüllü surətdə Azərbaycan Cümhuriyyətinə birləşməsi haqqında akt qəbul edilməsinə də 25.2.1919 nail olub. Naxçıvanda hakimiyyətin sonrakı taleyi ilə bağlı Cəfərqulu xanın iqamətgahında keçirilən görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti ilə yanaşı, ingilis general-qubernatoru da iştirak edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələri Cəfərqulu xanın başçılıq etdiyi hökuməti tanıdıqlarını bildirdilər. Həmin görüşdə Naxçıvanın könüllü olaraq Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi haqqında akt tərtib olundu. Aktm mətninin hazırlanması üçün yaradılan komissiyanın üzvlərindən biri də Mirbağırov idi. Siyasi, hərbi, iqtisadi, maddi və mədəni məsələlərə aid bendlərdən ibarət akt hökumət və Milli Şura üzvləri, əhalinin nümayəndələri tərəfindən imzalanaraq, hökumət möhürü ilə təsdiq edilmişdi. M.Mirbağırovun bu missiyası Araz-Türk Respublikası və Azərbaycan Xalq Cümhuriyyəti arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı idi. Bu mərhələnin mahiyyəti ondan ibarət idi ki, Azərbaycan hökuməti Naxçıvanın problemləri ilə ardıcıl məşğul olmağa başladı. Azərbaycan Xalq Cümhuriyyətinin yardımına arxalanan Naxçıvan hökuməti həm öz əhalisinin, həm də keçmiş İrəvan quberniyasında yaşayan azərbaycanlıların hüququnu fəal müdafiə etməyə başladı.

                                     

3. Aprel işğalından sonra fəaliyyəti

Bacarıqlı iqtisadçı olan M.Mirabbas Sovet hakimiyyətinin ilk illərində ASSR Xalq Ərzaq Komissarlığı sistemində, 1923-cü ildən "Kommunist", 1924-cü ildən "Yeni yol" qəzetlərində, 1925-ci ildən 1929-cu ilədək "Maarif işçisi" jurnalında çalışıb. 1930-cu ilin əvvəlində özünün və qardaşlarının ailəsini də götürərək Türkiyəyə köçdüyü güman edilir.

                                     

4. Mənbə

  • Ədalət Tahirzadə,Mirabbas Mirhüseyn oğlu Mirbağırzadə, 525-ci qəzet, 19 fefral, 2005-ci il.
  • Musayev Ş., Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti 1917-1921-ci illər, B., 1996.
  • Hacıyev A., Qars və Araz-Türk respublikalarının tarixindən, B., 1994.